Natan Redmond “Beşiktaş”dan ayrıldı

Türkiyənin “Beşiktaş” klubunun İngiltərədən olan sağ cinah vingeri Natan Redmond İstanbul təmsilçisindən ayrılmağa qərar verib.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçunun bu klubla müqaviləsinin müddəti 30 iyunda başa çatmışdı.

İyulun 1-dən azad agent olan futbolçu ilə yeni müqaviləyə dair danışıqlar davam etsə də, o, İstanbul klubuna qayıtmaqdan imtina edib. Futbolçu artıq sosial şəbəkə hesabında “qara qartallar”la vidalaşıb. O, kluba və İstanbul təmsilçisinin azarkeşlərinə təşəkkür edib.

Xatırladaq ki, Natan Redmond “Beşiktaş”a 2022-ci ilin sentyabrında “Sauthempton”dan azad agent kimi ayrılaraq keçmişdi. İngilis futbolçu bu komandada keçirdiyi 28 oyunda 6 qol və 6 assist müəllifi olub. Redmond daha öncə “Sauthempton”dan başqa “Norviç Siti” və “Birmingem Siti”də də forma geyinib. O, İngiltərə yığmasında da 1 oyun keçirib.

“Beşiktaş”ın gənc futbolçusu Bilal Ceylan da “Karşıyaka”ya keçib. İki il öncə “Əskişəhərspor”dan transfer olunmuş sağ cinah müdafiəçisi qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. İstanbul təmsilçisi vaxtilə 19 yaşlı futbolçunun transferi üçün 350 min avro ödəmişdi. Lakin gənc müdafiəçi “Bandırmaspor”, “Çankaya”, “Nazilli Belediyespor” kimi komandalarda icarədə oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: