Markus Raşford MY ilə yeni müqavilə bağladı, Conni Evans qayıtdı

İngiltərənin “Mançester Yunayted” klubu 25 yaşlı hücumçusu Markus Raşford ilə müqavilənin müddətini artırıb.

Arena.az bu barədə Premyer Liqa klubunun rəsmi saytına istinadən xəbər verir.

İngilis futbolçunun yeni sözləşməsi 2028-ci ilin iyununa qədərdir. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti qarşıdakı mövsümün sonunda – 2024-cü ilin yayında bitəcəkdi.

Xatırladaq ki, Markus Raşford “Mançester Yunayted”in öz yetirməsidir. O, 2016-cı ildən “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşford bu komandada ümumilikdə 359 oyuna 123 qol vurub, 68 məhsuldar ötürmə müəllifi olub. Hücumçu İngiltərə yığmasında da 53 oyun keçirib, 16 qola imza atıb.

Yeri gəlmişkən, “Mançester Yunayted” sabiq mərkəz müdafiəçisi Conni Evansı da heyətinə qatıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, 35 yaşlı futbolçu ilə qısamüddətli müqavilə imzalanıb. Bunun sayəsində o, komandanın qarşıdakı təlim-məşq toplanışlarında və yoxlama oyunlarında iştirak hüququ qazanacaq. Təcrübəli futbolçunun özünü yaxşı tərəfdən göstərməklə komandada qalmaq şansı var.

Xatırladaq ki, Conni Evans 2018-ci ildən formasını geyindiyi “Lester Siti”dən bu yay azad agent kimi ayrılıb. O, Lester təmsilçisində 152 oyuna 7 qol vurub, 5 assist edib. Evans yetirməsi olduğu “Mançester Yunayted”də də vaxtilə 198 oyun keçirib, 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Vest Bromviç”, “Sanderlend”, “Antverpen” kimi klubların da formasını geyinib. Evans Şimali İrlandiya yığmasında da 91 oyun keçirib, 4 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: