“Tottenhem”in sahibinə şok ittiham

Nyu-York (ABŞ) prokurorluğu “Tottenhem”in sahibi Co Lyuisi investoru olduğu şirkətlərin insayder məlumatlarının alverində ittiham edib.

Arena.az bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir:

“İddia edirik ki, Co Lyuis çox illər ərzində korporativ iclas zallarına giriş imkanından sui-istifadə edib və dəfələrlə romantik tərəfdaşlarına, şəxsi köməkçilərinə, şəxsi pilotlarına və dostlarına insayder məlumatını təqdim edib.

Bu insanlar daha sonra bu daxili məlumatdan istifadə ediblər və fond birjasında milyonlarla dollar qazanıblar, çünki Lyuisin sayəsində bu qoyuluşlar etibarlı olub.

Buna gərək yox idi, Co Lyuis zəngin adamdır. Lakin biz iddia edirik ki, o, işçilərinə təzminat vermək və ya dostlarına və yaxınlarına hədiyyələr bəxş etmək üçün insayder məlumatlarından istifadə edib”, – vəkil Demyen Uilyams bildirib.

İttiham tərəfi həmçinin bildirib ki, bəzi hallarda “Tottenhem”in sahibi yalnız insayder məlumatları paylaşmayıb. Britaniyalı milyarder həm də müvafiq məlumatlardan istifadə etmək üçün tanışlarına borc verib. Məsələn, 2019-cu ilin oktyabrında Lyuis iki pilota “Mirati” biotexnologiya şirkətinin səhmlərini almaq üçün 1 milyon dollar köçürüb.

Öz növbəsində, “Tottenhem” vəziyyətin klubla bağlı olmadığını bildirib və bununla bağlı rəsmi açıqlama verməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: