Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasının loqosu təqdim olunub.
Arena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, loqo minimalist üslubda, çağdaş dövrün tələblərinə uyğun hazırlanıb.
Futbol meydançasının mərkəz çevrəsinin konturları əsasında ərsəyə gələn loqoda ümumi fonda liqanın adının ilk hərfi – “Ə” canlandırılıb. Qırmızı və yaşıl rənglərin vəhdəti isə əvəzetməni assosiasiya edir.
Meydançanı tərk edən futbolçuya işarə verən rəqəm əsasən qırmızı, daxil olana isə yaşıl rəngli göstərilir. Loqonun içində topun və torun simvolunu da görə bilərik.
Xatırladaq ki, Əvəzedicilər Liqasının yeni mövsümünə avqustun 6-da start veriləcək.







