Poçettino “Liverpul”la heç-heçədən narazıdır: “Qələbəyə layiq idik”

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino Premyer Liqanın 1-ci turu çərçivəsində “Liverpul”a qarşı keçirdikləri oyunu (1:1) şərh edib.

Arena.az BBC-yə istinadən Poçettinonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Əla oyun! Mövsümə başlamağın fantastik yolu. Bu oyun çox xoşuma gəldi.

Tablodakı nəticə ədalətlidirmi? Düşünmürəm. Biz bir az daha çoxuna layiq idik. Biz həm məmnunluq duyuruq, həm də eyni zamanda məyusluq, çünki biz qalib gəlmək istəyirdik və qələbəyə layiq idik. Ancaq bunun yalnız bir başlanğıc olduğunu yadda saxlamaq lazımdır.

Oyunun gedişində bizim çətinlik çəkdiyimiz kəsimlər oldu. Bununla belə, hər dəqiqə necə artırdığımızdan, üstünlüyü əldə edərək “Liverpul”u öz qapısına daha da sıxışdırmağa başladığımızdan məmnunam”, deyə Poçettino bildirib.

Xatırladaq ki, Premyer Liqanın 1-ci turu çərçivəsində “Stemford Bric”də “Çelsi”yə qarşı oyunda “Liverpul” 18-ci dəqiqədə Luis Diasla hesabı açsa da, 37-ci dəqiqədə “zadəganlar”ın müdafiəçisi Aksel Disasi hesabda bərabərliyi bərpa edib və oyun 1:1 hesabı ilə başa çatıb. Hakim VAR-a görə 29-cu dəqiqədə Məhəmməd Salahın, 39-cu dəqiqədə isə “zadəgan” Ben Çiluelin qollarını hesaba almayıb.

1-ci turdan sonra “Çelsi” və “Liverpul” müvafiq olaraq 10-cu və 11-ci yerləri bölüşürlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: