“Tottenhem” Belçika yığmasının və Premyer Liqanın digər təmsilçisi “Çelsi”nin hücumçusu Romelu Lukaku ilə maraqlanır.
Arena.az bu barədə jurnalist Alfredo Pedullanın rəsmi saytına istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “Tottenhem” təmsilçiləri artıq “Çelsi” rəhbərliyi ilə əlaqə saxlayıblar və mümkün transferin təfərrüatını müzakirə edə biliblər.
London klubunun rəhbərliyi yaxınlarda 100 milyon avroya “Bayern”ə keçmiş ingilis mərkəz hücumçusu Harri Keynə mümkün qədər tez layiqli əvəzedici tapmaq niyyətindədir.
Geridə qalmış 2022/2023 mövsümündə Lukaku icarə əsasında “İnter”də çıxış edib. Belçikalı hücumçu “neradzurri”nin heyətində 37 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.
Lukakunun “Çelsi” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı 30 yaşlı Romelu Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, daha əvvəl Lukaku “İnter”in əsas transfer hədəfi idi. Ancaq belçikalı hücumçunun “neradzurri”dən gizli “Yuventus”la danışıqlar apararaq Turinə keçmək istəyi ortaya çıxınca, “İnter” Lukaku ilə əməkdaşlığına bilmərrə xitam verib. “Yuventus”a gəlincə, “Qoca Sinyora” “zadəganlar”a Lukakunu üstəlik olaraq 40 milyon avro məbləğində əlavə ödəniş müqabilində, turinlilərin serb hücumçusu Duşan Vlahoviçə dəyişmək təklifini irəli sürmüşdü. Ancaq “Çelsi” rəhbərliyi bir qədər təhlil apararaq, bu mübadilədən daşınıb. Elə, bu arada “Yuventus” azarkeşləri klubun Lukakunu transfer etmək istəyinə qarşı çıxaraq, komandanın ev stadionunda meydana axışıb müvafiq şüarlar səslənmiş nümayiş keçiriblər.
Nəticə etibarı ilə İngiltərəyə qayıtmaq istəməyən və Səudiyyə Ərəbistanı klublarına keçmək marağında olmayan Lukaku arada qalıb.


