Bu gün – avqustun 17-də AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün 2-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan Premyer Liqası, 2-ci tur
“Araz-Naxçıvan” – “Qəbələ” qarşılaşmasında “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Onun klubu isə 2000 manat cərimə edilib.
“Neftçi” – “Səbail” oyununda “Səbail” komandası 2-ci hissəyə gec çıxdığına görə 1500 manat cərimə edilib.
“Neftçi” – “Səbail” oyununda “Səbail”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə sözügedən klub 700 manat cərimə edilib.
“Neftçi” – “Səbail” oyununda “Səbail”in baş məşqçisinin köməkçisi Elmir Xankişiyev meydançaya kənar əşya atdığına görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Onun klubu isə buna görə 3500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin olunub.
“Neftçi” – “Səbail” oyununda “Neftçi”nin baş məşqçisi Adrian Mutu “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə paytaxt klubu 500 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 2-ci tur
AFFA İntizam Komitəsi Premyer Liqada mübarizə aparan klubların əvəzediciləri arasında təşkil olunmuş Əvəzedicilər Liqasının 2-ci turunun oyunları ilə də bağlı qərarlar qəbul edib:
“Zirə-2” – “Kəpəz-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə paytaxt komandası 70 manat cərimə edilib.
“Sumqayıt-2” – “Sabah-2” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “Sumqayıt” komandası 100 manat cərimə edilib.


