Aleksis Sançes və Marko Arnautoviç yenidən “İnter”də

Çili yığmasının vingeri Aleksis Sançes Fransanın “Olimpik” (Marsel) klubundan azad agent kimi ayrılaraq “İnter”lə müqavilə imzalayıb.

Arena.az bu barədə Milan klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Futbolçu “neradzurri” ilə 30 iyun 2024-cü ilə qədər müqavilə bağlayıb.

Çilili vinger ötən mövsümü Marsel “Olimpik”ində keçirib. O, bu kluba ötən ilin avqustunda məhz “İnter”dən ayrılaraq keçmişdi. Təcrübəli hücumçu Liqa 1 komandasının heyətində 44 oyuna çıxıb, 18 qol vurub, 3 məhsuldar ötürmə verib.

Xatırladaq ki, Sançes 2019/2020 mövsümündə və 1 sentyabr 2020-ci ildən 10 avqust 2022-ci ilə qədər “İnter”də çıxış edib. O, “neradzurri”nin heyətində 109 oyuna çıxıb, 20 qol vurub və 3 kubok qazanıb.

Xatırladaq ki, Aleksis peşəkar karyerasına “Kobreola” klubunda başlayıb. Daha sonra o, “Udineze”, “Kolo-Kolo”, “River Pleyt”, “Barselona”, “Arsenal” və “Mançester Yunayted” kimi komandalarda da çıxış edib.

Aleksis Sançes 2006-cı ilin aprel ayında debüt etdiyi Çili yığmasının heyətində 155 oyun keçirib, 51 qol vurub, 44 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 34 yaşlı Alexis Sançesi 4 milyon avro məbləğində qiymətləndirir.

“İnter” “Bolonya”nın hücumçusu Marko Arnautoviçi də heyətinə qatıb. 34 yaşlı forvard satınalma şərti ilə icarəyə götürülüb.

Arnautoviç 2021-ci ilin yayından formasını geyindiyi “Bolonya”da 58 oyuna 25 qol vurub, 2 assistlə yadda qalıb. O, daha əvvəl də “İnter”in formasını geyinib. Belə ki, təcrübəli hücumçu 2009/2010 mövsümündə icarə əsasında formasını geyindiyi “İnter”də 4 oyuna çıxıb, 1 assist müəllifi olub. Aleksandr Niderlandda “Tvente”, Almaniyada “Verder”, İngiltərədə “Vest Hem”, “Stok Siti” kimi klublarda da çıxış edib. Çinin “Şanxay SİPQ” komandasında da forma geyinmiş futbolçu Avstriya yığmasında 108 oyuna 34 qol vurub.

Xoakin Korrea və Valentino Lazaro “İnter”dən getdilər

“İnter” bir neçə futbolçusu ilə də yollarını ayırıb. Belə ki, argentinalı hücumçu Xoakin Korreanı icarə əsasında Marsel “Olimpik”inə keçib. Fransa klubu 29 yaşlı oyunçunun transfer hüquqlarına sonradan yiyələnə biləcək. Argentinalı ilə bir illik müqavilə imzalanıb.

Korrea 2021-ci ildən formasını geyindiyi “İnter”in heyətində 77 oyuna çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib. O, “Latsio”, “Sevilya”, “Estudiantes” və “Sampdoriya”da da forma geyinib, Argentina millisində 19 oyuna 4 qol vurub.

“İnter” hücumçusu Sebastiano Espozitonu da “Sampdoriya”ya icarəyə verib. 21 yaşlı italyan forvard da satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb. “İnter”in yetirməsi bu klubun əsas komandasında 15 oyuna 1 qolla yadda qalıb. O, daha önə SPAL, “Venetsiya”, “Bazel”, “Anderlext” və “Bari” kimi klublarda da icarədə oynayıb, İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.

“İnter”in daha bir hücumçusu Eddi Salsedo da icarə əsasında “Eldense”yə keçib. 21 yaşlı italyan da mövsümün sonuna kimi icarədə olacaq. “Cenoa”nın yetirməsi 2018-ci ildən “İnter”də olsa da, bu klubun əsas komandasında debüt etməyib. O, “Verona”, “Spetsiya”, “Bari” və “Cenoa”da da icarədə olub, İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinib.

20 yaşlı yarımmüdafiəçi Covanni Fabbian isə “Bolonya”ya keçib. 20 yaşlı italyanın transferi “İnter”ə 5 milyon avro qazandırıb. O, yeni klubu ilə 5 illik müqavilə bağlayıb. Ötən mövsüm “Recina”da icarədə olmuş Fabbian “İnter”in əsas komandasında oynamayıb.

“İnter” Valentino Lazaronu da “Torino”ya satıb. Klub bu satışdan 4 milyon avro qazanıb. Lazaro ötən mövsümü icarə əsasında məhz “Torino”da keçirib, 25 oyuna 4 assistlə yadda qalıb. O, “İnter”də cəmi 11 oyun keçirib və 2 məhsuldar ötürmə müəllifi olub. 27 yaşlı avstriyalı “Zalsburq”, “Liferinq”, “Herta”, “Borussiya” (Mönhenqladbah) və “Benfika”da da oynayıb. O, Avstriya yığmasında 36 oyuna 3 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: