Klopp Salahın “Liverpul”dan mümkün gedişi haqda danışdı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp misirli hücumçu Məhəmməd Salahın “Əl-İttihad” klubuna mümkün transferinə münasibətini bildirib.

Arena.az xəbər verir ki, “qırmızılar”ın alman çalışdırıcısı bunları dilə gətirib:

“Salah və “Əl-İttihad” hekayəsi hələ tam bitməyib? Mənim üçün bitib!”, deyə Klopp qətiyyətlə mövqeyini nümayiş etdirib.

Xatırladaq ki, daha əvvəl “Əl-İttihad”ın Salaha təxminən 76 milyon avro məbləğində maaşla 3 illik müqavilə təklif etdiyi bildirilmişdi.

Misirli ulduzun “Liverpul”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Salah 2017-ci ilin yayından “Liverpul”un heyətində çıxış edir.

Cari mövsümdə Salah “qırmızılar”ın heyətində 3 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Salahın “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 308 oyun, 187 qol, 81 məhsuldar ötürmə.

Misirli ulduz “Liverpul”la bütün mümkün klub turnirlərini qazana bilib: İngiltərə Premyer Liqası, İngiltərə Kuboku, 2 dəfə İngiltərə Liqa Kuboku, İngiltərə Super Kuboku, UEFA Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku. Bununla yanaşı, Salah “Liverpul”da çıxışı ərzində çoxsaylı fərdi nailiyyətləri müqabilində mükafatlar qazana bilib.

“Transfermarkt” internet-portalı 31 yaşlı Məhəmməd Salahı 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: