Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 4-cü turun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan Premyer Liqası
“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə sözügedən klub 700 manat cərimə edilib. Oyun bitdikdən “Araz-Naxçıvan”ın köməkçi məşqçisi Əfran İsmayılov oyunun rəsmi şəxslərinin tələblərinə əməl etmədiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb. Klub buna görə 1000 manat cərimə edilib.
“Zirə” – “Sabah” oyununda “Sabah”ın futbolçusu Amin Seydiyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Sabah” buna görə 1500 manat cərimə edilib.
“Neftçi” – “Qəbələ” oyununda “Neftçi”nin qapıçısı Rza Cəfərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Neftçi” buna görə 800 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” 800 manat cərimə edilib.
“Qarabağ” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Ağdam klubu 800 manat cərimə edilib.
Əvəzedicilər Liqası
AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasının 4-cü turunun oyunlarında yaşananlara da hüquqi qiymət verib:
“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə sözügedən klub 70 manat cərimə edilib. “Araz-Naxçıvan-2” komandasının baş məşqçisi Zaur İsmayılov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Naxçıvan klubu buna görə 150 manat cərimə də edilib. Oyun bitdikdən sonra “Araz-Naxçıvan-2” komandasının futbolçusu Nihad Qurbanlı hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Klub buna görə 80 manat cərimə edilib. Oyunun 90+5-ci dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının köməkçi məşqçisi Alim Qurbanov meydançaya girərək hakimin qərarına etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyinə görə 7 oyun cəzalanıb. Naxçıvan klubu buna görə 600 manat cərimə edilib. Oyundan əvvəl Təcili Tibbi Yardım avtomobili stadiona təyin olunduğu vaxtdan gec gəldiyinə görə Naxçıvan komandası 100 manat cərimə edilib.
“Zirə-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasının futbolçusu Nicat Quliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Sabah” komandası buna görə 150 manat cərimələnib.
“Neftçi-2” – “Qəbələ-2” oyununda “Qəbələ”nin futbolçusu Xəyal Xudaverdiyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Əyalət təmsilçisi buna görə 150 manat cərimə edilib.
“Qarabağ-2” – “Kəpəz-2” oyununda “Kəpəz”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə Gəncə komandası 70 manat cərimə edilib. “Qarabağ-2” komandasının baş məşqçisi Cavad Mirzəbəyli texniki zona qaydalarını pozaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Ağdam komandası buna görə 150 manat cərimə edilib.


