İtaliyanın “Fiorentina” klubunun mərakeşli dayaq yarımmüdafiəçisi Sofyan Amrabat İngiltərə nəhəngi “Mançester Yunayted”ə keçib.
Arena.az bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidmətinə istinadən məlumat verir.
Futbolçunun iş icazəsi alacağı şərtilə “qırmızı şeytanlar” Amrabatla 1 illik – müddəti 2024-cü ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıblar. “Mançester Yunayted” icarə müqabilində “Fiorentina”ya 10 milyon avro ödəyəcək. Müqavilədə futbolçunun satınalınmasına dair maddə var. Əgər “qırmızı şeytanlar” Amrabatı daha uzunmüddətli icarə müqaviləsi ilə saxlamaq istəsələr, məbləğ yenidən baxışdan keçiriləcək. Bu məqam futbolçunun daimi əsasda transferinə də aiddir.
Sofyan Amrabat “Fiorentina”ya 2020-ci ilin yanvarında “Verona”dan 19,5 milyon avro qarşılığında keçib. Geridə qalmış 2022/2023 mövsümündə o, bu komandanın heyətində 49 oyun keçirib, 1 məhsuldar ötürmə verib. Amrabatın Florensiya klubundakı karyerası 107 oyun, 1 qol və 1 assistdən ibarətdir. O, “Utrext”, “Feyenoord”, “Brügge” kimi klubların da formasını geyinib.
Amrabat 2017-ci ilin mart ayında debüt etdiyi Mərakeş yığmasının heyətində 49 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib. “Dayaqçı” komandasının fəxri 4-cü yeri tutduğu 2022-ci ildə keçirilmiş Qətər mündialında iştirak edib.
“Transfermarkt” internet-portalı 27 yaşlı Sofyan Amrabatı 30 milyon avro məbləğində qiymətləndirir.
“Mançester Yunayted” “Tottenhem”in sol cinah müdafiəçisi Serxio Regilonu da icarəyə götürüb. 26 yaşlı ispan futbolçu da mövsümün sonuna kimi icarədə olacaq.
Serxio Regilon “Tottenhem”ə 2020-ci ildə Madrid “Real”ından keçib. İspaniya yığmasının üzvü London klubunda 67 oyuna çıxıb, 2 qol və 9 assistlə yadda qalıb. O, ötən mövsümü Madrid “Atletiko”sunda icarədə keçirib. Regilon daha öncə “Loqrones”də də çıxış edib, İspaniya millisində 6 oyun keçirib.
“Mançester Yunayted” öz sol cinah müdafiəçisi Alvaro Fernandesi də “Qranada”ya icarəyə verib. 20 yaşlı ispan da bu mövsümün sonuna kimi icarədə olacaq. “Qırmızı şeytanlar”ın futbolçusu ötən mövsümü də “Preston Nort End”də icarədə keçirib.


