Səudiyyə Ərəbistanı Liqasının direktoru Maykl Emenalo misirli hücumçu Məhəmməd Salahın “Əl-İttihad”a baş tutmayan transferini şərh edib.
Arena.az “Sky Sports” dərgisinə istinadən Emenalonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Hər şeydən əvvəl, Salah planetin ən yaxşı oyunçularından biridir. Mən əvvəllər şəxsi və ictimai surətdə demişdim ki, biz Səudiyyə Liqasına gəlmək istəyən hər kəsi salamlayırıq. Bu Salaha da aiddir.
Amma biz hər şeyi çox peşəkarcasına və hörmətlə etməliyik. Bunun üçün buradayıq, bu, liqanın təkmilləşdirilməsi – peşəkarlıq, hörmət və səmərəlilik töhfəsini vermək və hər şeyi səriştəli şəkildə yerinə yetirmək üçündür.
Əgər bu baş vermirsə, bu, futbolçunu artıq bəyənməməyimizə və ya “Liverpul”la problemlərimizin olmasına görə deyil. Bu, bəzi məqamların razılaşdırıla bilmədiyinə görədir.
Heç kim qəzəblənmir, biz irəliləyirik, amma qapıları bağlamırıq. Əgər nəsə etmək və bunu yaxşı etmək imkanı olsa və bu, Salahı Səudiyyə Ərəbistanı liqasına gətirsə, biz buna çox şad olacağıq”, deyə Emenalo nikbin ruhda bildirib.
Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Salah “Liverpul”un heyətində 4 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Misirli hücumçu “Liverpul”la bütün mümkün klub turnirlərinin qalibi olub.
Salah 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 88 oyun keçirib, 49 qol vurub, 29 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı Məhəmməd Salahı 65 milyon avro məbləğində qiymətləndirir.


