Futbol üzrə Azərbaycan millisi bu gün növbəti matçına çıxır. Arena.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı kollektiv beynəlxalq yoldaşlıq oyunları çərçivəsində İordaniya yığması ilə qarşılaşacaq.
Sözügedən komandalar Mərdəkandakı “Dalğa Arena”da üz-üzə gələcəklər. Oyunu Türkiyədən olan FIFA referisi Arda Kardeşler idarə edəcək. Ona yan xətt hakimləri Ceyhun Sesigüzel və İbrahim Çağlar Uyarcan yardım edəcəklər.
Xatırladaq ki, İordaniya Azərbaycan millisi üçün tanış rəqibdir. Belə ki, yığmamız indiyə qədər bu rəqiblə iki dəfə üz-üzə gəlib. Tərəflər arasındakı ilk görüş 2004-cü ilin 18 avqustunda Əmmanda baş tutub. Həmin oyunda qalib müəyyənləşməyib – 1:1. 2010-cu ildə yenə Əmman şəhərində baş tutan ikinci oyunda isə millimiz 2:0 hesablı səfər qələbəsinə sevinib. İndi bu iki komanda ilk dəfə Azərbaycanda qarşılaşacaq.
İordaniya ilə görüş Azərbaycan millisinin 2023-cü ildə keçirəcəyi ilk yoldaşlıq matçı olacaq. De Byazinin rəhbərlik etdiyi komanda bu il hələlik dörd oyun keçirib ki, onların da hamısı AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutub. Səfərdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabıyla uduzmuş millimiz Bakıda da Estoniya ilə “sülh” bağlayıb (1:1), Belçikaya isə bir neçə gün öncə 0:1 hesabıyla uduzub.
Məşqçilər korpusu İordaniya ilə görüşə gələn ay baş tutacaq seçmə mərhələ oyunlarına hazırlıq gözü ilə baxırlar. Millimizin rəqibi nə qədər güclü komanda hesab olunmasa da, FİFA reytinqində 1296,26 xalla 82-ci sırada qərarlaşıb. Azərbaycan yığması isə hazırda 1143,22 xalla 121-cidir.
Yoldaşlıq oyunu
12 sentyabr
20:00. Azərbaycan – İordaniya
Baş hakim: Arda Kardeşler (Türkiyə).
Baş hakimin köməkçiləri: Ceyhun Sesigüzel, İbrahim Çağlar Uyarcan (Türkiyə)
Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan).


