Futbol üzrə İngiltərə çempiontında (Premyer Liqa) avqust ayının ən yaxşı oyunçusu və ən yaxşı baş məşqçisi bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Hər iki mükafata “Tottenhem”in təmsilçiləri sahib olublar. Belə ki, “mahmızlar”ın yunanəsilli avstraliyalı çalışdırıcısı Angelos Postekoqlu avqustun ən yaxşı məşqçisi elan edilib. Postekoqlu “Tottenhem”in avqust ayında keçirdiyi 3 oyunda “mahmızlar”a 7 xal qazandırıb. Postekoqlunun kollektivi “Mançester Yunayted” (2:0), “Bornmut” (2:0) üzərində qələbələr qazanıb və “Brentford”la (2:2) heç-heçə edib.
Premyer Liqada keçirdiyi 4 turdan sonra “Tottenhem” 10 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Premyer Liqaya 12 xalla “Mançester Siti” liderlik edir.
Avqustun ən yaxşı məşqçisi adına digər namizədlər “Mançester Siti”nin ispan çalışdırıcısı Xosep Qvardiola, “Arsenal”ın ispan çalışdırıcısı Mikel Arteta, “Livepul”un alman baş məşqçisi Yurgen Kopp və “Vest Hem”in şotland baş məşqçisi David Moyes olub.
Premyer Liqanın ən yaxşı oyunçusu isə “Tottenhem”in hücumameylli ingilis yarımmüdafiəçisi Ceyms Meddison seçilib. 26 yaşlı Meddison avqust ayında “mahmızlar”ın heyətində keçirdiyi 3 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə verib.
Meddison avqust ayının ən yaxşı oyunçusu nominasiyasında Tayvo Avoniyi (“Nottingem Forest”), Cerrod Bouen (“Vest Hem”), Brian Mbemo (“Brentford”), Kaoru Mitoma (“Brayton”) və Rodrini (“Mançester Siti”) qabaqlaya bilib.
Ceyms Meddisson “Tottenhem”ə cari ilin yay transfer pəncərəsində 46 milyon avro qarşılığında “Lester Siti”dən keçib. Meddisonun “Tottenhem”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Meddison “Tottenhem”in heyətində 5 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Meddison 2019-cu ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 4 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 26 yaşlı Ceyms Meddisonu 60 milyon avro məbləğində qiymətləndirir.


