Son 20 ildə Ronaldo və Messisiz Çempionlar Liqası

UEFA Çempionlar Liqası 2002/03 mövsümündən bu yana – son 20 ildə ilk dəfə Kristiano Ronaldo və Lionel Messinin iştirakı olmadan keçirilir.

Arena.az xəbər verir ki, ötən gecə baş tutan qrup mərhələsinin ilk turunun digər oyunlarında da bir sıra ilklər qeydə alınıb.

Belə ki, “Srvena Zvezda”nın qanalı vingeri Osman Bukarinin Çempionlar Liqasında turnirin cari çempionu “Mançester Siti” ilə oyunda (1:3) vurduğu qol, Serbiya təmsilçilərinin səfərdə oyunun ilk yarısında vurduğu ilk qoldur. Serbiya komandaları bunun üçün 13 oyun gözləyiblər (“Partizan” 6 oyun, “Srvena Zvezda” 7 oyun).

İki iranlı futbolçu Çempionlar Liqası tarixində ilk dəfə olaraq, eyni gündə qol vurub. “Portu”nun mərkəz hücumçusu Mehdi Taremi Donetsk “Şaxtyor”u ilə oyunda (3:1) və “Feyenoord”un vingeri Əlireza Cahanbaxş “Seltik”lə oyunda (2:0) fərqlənib;

Donetsk “Şaxtyor”unun venesuelalı futbolçusu Kevin Kelsi Çempionlar Liqasında “Portu” ilə oyunda (1:3) qol vurmuş ən gənc cənubiamerikan futbolçular arasında 4-cü olub. Kelsi 19 yaş 54 günlüyündə fərqlənib. Müvafiq nailiyyətə imza atmış daha gənc cənubiamerikanlar isə bunlardır: Roke Santa Krus (Paraqvay, 18 yaş 71 gün), Lionel Messi (Argentina, 18 yaş 131 gün) və Rodriqo (Braziliya, 18 yaş 301 gün);

Donetsk “Şaxtyor”u ilə oyunda (3:1) ilk yarım saat ərzində 2 qol vurub 1 məhsuldar ötürmə vermiş “əjdahalar”ın braziliyalı vingeri Qaleno, bu nailiyyəti ilə Neymarın rekordunu təkrarlayıb. Neymar Çempionlar Liqasında 22 noyabr 2022-ci ildə “Seltik”ə qarşı oyunda müvafiq nəticəyə ilk dəfə imza atmış futbolçu olub. Qalenoya qədər heç bir futbolçu müvafiq uğura nail ola bilməyib.

PSJ-nin fransalı mərkəz hücumçusu Kilian Mbappe Dortmund “Borussiya”sı ilə oyunda (2:0) Çempionlar Liqasında 3-cü dəfə penaltidən fərqlənməklə, 41-ci qolunu vurub. Mbappe bu nailiyyətinə 24 yaş 273 günlüyündə imza atmaqla ikinci olub. Müvafiq göstəricidə yalnız Lionel Messi öndədir. Argentinalı ulduz müvafiq göstəriciyə 24 yaş 130 günlüyündə nail olub.

“Latsio”dan antirekord

“Latsio” “Atletiko” ilə oyunda (1:1) son 20 Çempionlar Liqası oyununda qol buraxıb. “Qartallar”ın qol buraxmadan keçirdiyi son oyunu 2003-cü ildə “Beşiktaş”la görüşə təsadüf edir (2:0). Beləliklə, “Latsio” Çempionlar Liqası tarixində İtaliya klubları arasında qol “yemək” üzrə ən uzun silsiləyə imza atıb. Sözügedən klub əzəli rəqibi “Roma”nın xoşagəlməz nəticəsini geridə qoyub (19 oyun);

“Seltik” oyunçuları “Feyenoord”a qarşı oyunda (0:2) 2 qırmızı vərəqə alıblar. Bu, “yoncalar”ın Çempionlar Liqasında əvvəlki 72 oyunda alınmış qırmızı vərəqələrin sayı qədərdir.

“Seltik”in norveçli mərkəz yarımmüdafiəçisi Odin Tyaqo Holm “Feyenoord”a qarşı oyunda (0:2) Çempionlar Liqasında debütündən 10 dəqiqə sonra meydandan qovulub. Əvvəlki qovulma 26 Sentyabr 2006-cı ildə “Hamburq”un alman mərkəz hücumçusu Benyamin Lautun başına gəlmişdi: Laut debütündən 6 dəqiqə sonra meydandan qovulmuşdu.

“Milan”ın “Nyukasl”a qarşı oyunda rəqib qapısına 25 dəfə zərbə endirsə də, “rossoneri”nin cəhdləri uğursuzluğa düçar olub, oyunda hesab açılmayıb. 2005-ci ilin oktyabrında “rossoneri” PSV-yə qarşı oyunda rəqib qapısını 27 dəfə topa tutmuş, amma səyləri əbəs olmuş, oyun “quru” hesabla başa çatmışdı (0:0).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: