İngiltərə Premyer Liqasında mübarizə aparan “Börnli” sağ cinah müdafiəçisi Vitinyo ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Tam adı Viktor Aleksander da Silva olan 24 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi artırılıb. Onun əvvəlki sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatacaqdı.
Xatırladaq ki, Vitinyo “Börnli”yə 2022-ci ilin iyul ayında Belçikanın “Serkl Brügge” klubundan 1 milyon avro müqabilində gəlib. Braziliyalı futbolçu İngiltərə klubunun heyətində 45 oyun keçirib, 3 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.
Müdafiəçi daha öncə “Serkl Brügge”dən başqa “Kruzeyro”da da oynayıb. O, Braziliyanın U-20 yığmasında 4 oyun keçirsə də, əsas millidə debüt şansı qazanmayıb.


