“Tottenhem”in italiyalı müdafiəçisi Destini Udoci “Liverpul”a qarşı keçirdiyi Premyer Liqa oyunundan sonra irqçi təhqirlərə məruz qalıb.
Arena.az məlumat verir ki, London klubunun 2:1 hesabı ilə qələbə qazandığı oyundan sonra bəzi azarkeşlər sosial şəbəkələrdə komandanın müdafiəçisinə münasibətdə irqçi ifadələrə yol veriblər.
“Tottenhem” müvafiq yolverilməz hala qarşı mövqe tutaraq, rəsmi bəyanatla çıxış edib:
“Şənbə günü “Liverpul”la oyundan sonra sosial şəbəkələrdə Destini Udocinin ünvanına yönəlmiş irqçi ismarışlardan hiddətliyik.
Biz Premyer Liqa ilə işləyəcəyik və mümkün olduqda, müəyyən etdiyimiz hər bir şəxsə qarşı tədbir görəcəyik.
Biz səninləyək, Destini”, – London klubu rəsmi “X” hesabı üzərindən bildirib.
Xatırladaq ki, Premyer Liqanın 7 turundan sonra “Tottenhem” 17 xal toplayıb və ikinci pillədə qərarlaşıb. London təmsilçisi lider “Mançester Siti”dən 1 xal geri qalır. 17 xala malik paytaxtın digər təmsilçisi “Arsenal” isə üçüncüdür.

Nigeriyaəsilli italiyalı sol cinal müdafiəçisi Destini Udoci 2022-ci ilin avqustundan “Tottenhem”də çıxış edir. Müdafiəçi geridə qalmış ötən mövsümü “Udineze”də icarə əsasında çıxış edərək, yenidən “mahmızlar”ın düşərgəsinə qayıdıb. Udocinin “Tottenhem”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Udoci “mahmızlar”ın heyətində 7 oyun keçirib, 2 məhsuldar ötürmə verib.
Destini İtaliyanın U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarında çıxış edib, “skuadra adzurra”nın əsas yığmasına isə hələ dəvət almayıb.
“Transfermarkt” internet-portalı 20 yaşlı Destini Udocini 25 milyon avro məbləğində qiymətləndirir.


