“Milan” komandanın fransız mərkəz hücumçusu Olivye Jirunun adı yazılmış qapıçı köynəklərinin satışına başlayıb.
Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Xatırladaq ki, Jiru İtaliya A Seriyasının 8-ci turu çərçivəsində səfərdə “Cenoa” üzərində 1:0 hesablı qələbə qazandıqları oyunda, əvəzetmə ehtiyatı tükəndiyi üçün “rossoneri”nin meydandan qovulmuş fransalı qapıçısı Mayk Menyanın yerinə qapıda dayanmışdı. Jiru işinin öhdəsindən məharətlə gələrək, oyun məqamların birində komandasını qoldan xilas edə bilib. Belə ki, Jiru rəqib oyunçunu qarşılamağa atılaraq, zərbədən əvvəl topu əli ilə vurub çıxara bilmişdi.
İndi azarkeşlər bu klubun rəsmi dükanında qapıçı formasını ala və köynəyin üzərində Jirunun adını və nömrəsini yerindəcə yazdıra bilərlər. “Milan” bununla da veteran futbolçusuna “Cenoa” ilə oyunda göstərdiyi rəşadətə görə öz təşəkkürünü bildirmək və bu uğuru qeyd etmək qərarına gəlib. Bu addımın həm də klubun biznes yanaşmasının bir hissəsi olduğu vurğulanır.
Bundan əvvəl “Milan” və Fransa yığması rəsmi saytlarında Jirunu zarafatla qapıçılar siyahısına əlavə etmişdilər.
Jiru İtaliya klubuna 2021-ci ilin iyulunda 2,85 milyon avro qarşılığında “Çelsi”dən keçib. Fransız hücumçunun milanlılarla müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Olivye “rossoneri”ın heyətində 9 oyuna çıxıb, 4 qol vurub, 3 məhsuldar ötürmə verib. Jiru “Milan”la 2021/2022 mövsümü A Seriyasının qalibi olub.
Jiru 2011-ci ilin noyabrında debüt etdiyi Fransa yığmasının heəytində 125 oyuna çıxıb, 54 qol vurub, 14 məhsuldar ötürmə verib. Olivye “xoruzlar”la DÇ-2018-in, 2021 UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 37 yaşlı Olivye Jirunu 4 milyon avro məbləğində qiymətləndirir.



