Yan Zommer A Seriyasının rekordunu təkrarladı

“İnter”in qapıçısı Yan Zommer A Seriyasında “Torino” ilə oyunda (3:0) “Roma”nın sabiq qapıçısı Alison Bekerin nailiyyətini təkrarlayıb.

Arena.az məlumat verir ki, isveçrəli qapıçı Zommer növbəti dəfə qapısının toxunulmazlığını qorumaqla, İtaliya A Seriyasında keçirdiyi ilk 9 oyunda 6 “quru” oyuna nail ola bilmiş 3-cü qapıçı olub.

Zommerə qədər bunu yalnız “Roma”nın iki sabiq qapıçısı bacarmışdı – italyan Kristiano Lupatelli (1999/2000 mövsümündən 2000/2001 mövsümünə qədər) və braziliyalı Alison Beker (2017/2018 mövsümündə).

Yan Zommer “İnter”ə cari ilin avqustunda 6,75 milyon avro müqabilində “Bayern”dən keçib. İsveçrəli qapıçının “neradzurri” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Zommer cari mövsümdə “İnter”in heyətində ümumilikdə 11 oyuna çıxıb. O, bu oyunlarda 6 qol buraxıb, 7 oyundan “quru” qurtulub.

Zommer 2012-ci ilin may ayında debüt etdiyi İsveçrə yığmasının heyətində 85 oyun keçirib, 85 qol buraxıb, 33 oyunda qapısının toxunulmazlığını təmin edə bilib.

“Transfermarkt” internet-portalı 34 yaşlı Yan Zommeri 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: