İtaliya yığmasının sabiq hücumçusu Antonio Kassano A Seriyasının hazırkı səviyyəsinə dair rişxəndlə tənqidi söhbət açıb.
Arena.az məlumat verir ki, Kassano bu barədə “Bobo Tv Official” “YouTube” kanalında danışıb:
“Biz dördümüz İtaliyada oynaya bilərik – mən, Bobo Vyeri, Lele Adani və Nikola Ventola.
Mən gombulam, Nikolanın çolaqlığı var, Bobonun isə dişləri çox da yaxşı deyil, amma yenə də oynaya bilərik. Və heç nə olmazdı. Bu İtaliya çempionatı qara gündədir, buna görə də Romelu Lukaku yaxşı oynayır”, deyə Antonio Kassano eyham vurub.
Xatırladaq ki, dünən, oktyabrın 29-da İtaliya A Seriyasının 10-cu turu çərçivəsində keçirilmiş “İnter” – “Roma” oyunu “neradzurri”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 81-ci dəqiqədə “İnter”in fransız hücumçusu Markus Türam vurub.
Qələbə sayəsində “İnter” 25 xalla İtaliya A Seriyasının turnir cədvəlində liderliyini təmin edib. “Roma” isə 14 xalla 8-ci pillədə qərarlaşıb.


