Tyaqo Silva: “Paolo Maldini mənim düşüncələrimi dəyişdi”

“Milan”ın sabiq mərkəz müdafiəçisi Tyaqo Silva “rossoneri”nin əfsanələri Paolo Maldini və Alessandro Nesta haqda xatirəsini paylaşıb.

Arena.az “The Guardian” nəşrinə istinadən məlumat verir ki, braziliyalı futbolçu italyan həmkarlarının ona necə təsir etməsini xatırlayıb:

“Maldini ilə görüş məndə nəsə oyatdı. “Milan”a gələndə 24 yaşım vardı. Həmin vaxt Paolo 41 yaşında idi və oynamağına xitam verməsinə altı ay qalmışdı.

Maldiniyə baxaraq düşündüm: “Özümə necə qulluq edirəm – içki içmirəm, siqaret çəkmirəm, yuxunu inkar etmirəm, bu o deməkdir ki, Maldininin yaşına çata bilərəm. O, mənim düşüncələrimi dəyişdi. Ancaq yalnız o deyil, Alessandro Nesta da. Nesta məşqlərdə mənə müəllim olub. Onun yanında oynamaqla çox şey öyrənə biləcəyimi başa düşdüm”.

Tyaqo Silva “Çelsi”də 2020-ci ilin avqustundan çıxış edir. O, London klubuna PSJ-dən azad agent qismində keçib. Tyaqonun “zadəganlar”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Tyaqo “zadəganların heyətində 10 oyun keçirib və hələlik məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Ümumilikdə isə onun “Çelsi” statistikası belədir: 127 oyun, 5 qol, 4 məhsuldar ötürmə.

Tyaqo müasir futbolun taktiki və strateji baxımdan ən güclü müdafiəçilərindən biridir. 2005/2006 mövsümündə Moskva “Dinamo”suna transfer edilmiş Tyaqo ağır vərəm xəstəliyinə tutulmasına və futbolla vidalaşmaq təhlükəsinə rəğmən, dəhşətli xəstəliyə qalib gələrək yaşıl meydanlara dönməyi bacarıb. “Bədheybət” ləqəbi ilə məşhur olan futbolçu “Fluminense”, “Milan” və PSJ-də də çıxış edib.

Silva 2008-ci ilin oktyabrında debüt etdiyi və mütəmadi olaraq kapitan sarğısını daşıdığı Braziliya millisinin heyətində 113 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2012 Konfederasiyalar Kubokunu, 2019 Amerika Kubokunu qazanıb, həmçinin zədələnərək ehtiyatda qaldığı DÇ-2014-də fəxri 4-cü yeri tutub. Bununla yanaşı, Tyaqo Silvanın medal kolleksiyasında 2021 Amerika Kubokunun gümüş, Yay Olimpiya Oyunlarının bürünc (2008) və gümüş (2012) medalları var.

“Transfermarkt” internet-portalı 38 yaşlı Tyaqo Silvanı 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: