Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Səbail” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə aldığına görə Tovuz klubu 700 manat cərimə edilib. “Turan Tovuz”un azarkeşləri tərəfindən kütləvi şəkildə matçın baş hakiminin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə Tovuz klubu 500 manat cərimə edilib.
“Qəbələ” – “Neftçi” oyununda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib. “Neftçi”nin də 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu 700 manat cərimə edilib.
“Sabah” – “Zirə” oyununun 42-ci dəqiqəsində “Sabah”ın futbolçusu Emmanuel Apeh ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Sabah” klubu isə buna görə 500 manat cərimə edilib.
AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasının 12-ci turundakı qayda pozuntularına da hüquqi qiymət verib:
“Sumqayıt-2” – “Araz-Naxçıvan-2” oyununda “Sumqayıt”ın futbolçusu Qabil Əlizadə ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, komandası 50 manat cərimə edilib.
“Kəpəz-2” – “Qarabağ-2” görüşünün oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə Gəncə komandası 80 manat cərimə edilib. “Kəpəz-2” komandası oyun günü planına riayət etmədiyinə görə (meydança sulanmayıb) Gəncə klubu 100 manat cərimə edilib.
“Sumqayıt-2” – “Araz-Naxçıvan-2” görüşünün oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Sumqayıt” klubu 80 manat cərimə edilib.


