Angelos Postekoqlu: “Beş nəfərlə də oynasaq…”

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu bildirib ki, “mahmızlar” beş nəfərlə qalsalar belə, yüksək müdafiə xətti ilə oynayacaqlar.

Arena.az bu barədə “Tottenham Tiers” dərgisinə istinadən məlumat verir:

“Bu, bizim üslubumuzdur. Biz elə, özümüzük, dostum. Mən burada olduğum müddətdə həmişə belə olacaq. Beş nəfərlə oynasaq belə, yüksək müdafiə xəttinə malik sxemdən istifadə etməyə çalışacağıq”, deyə Postekoqlu bildirib.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 11-ci turunda “Tottenhem” “Çelsi”yə 1:4 hesabı ilə məğlub olub. “Mahmızlar” 1:2 hesabı ilə geridə ikən, azlıqda qalıb qol vursalar da, hakim oyundankənar vəziyyətə görə qolu hesaba almayıb. “Tottenhem” oyunu 9 nəfərlə bitirib və yüksək müdafiə xətti ilə səciyyəvi oyun nümayiş etdirib. Ümümiyyətlə, “Tottenhem”in Premyer Liqada ilk məğlubiyyətini aldığı “zadəganlar”a qarşı bu oyun, ziddiyyətli məqamlarla diqqət çəkib.

Angelos Postekoqlu “Tottenhem”ə italyan mütəxəssis Antonio Kontenin istefasından sonra gətirilib. “Ange” cari ilin iyul ayının 1-dən vəzifəsinin icrasına başlayıb. “Mahmızlar” mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

57 yaşlı Postekoqlu buna qədər 2021-ci ilin yayından çalışdırdığı “Seltik”də 2 dəfə Şotlandiya Premyer Liqasını və Liqa Kubokunu, həmçinin Şotlandiya Kubokunu qazanıb. Postekoqlunun Avstraliyanın U-17, U-20 və həmçinin əsas yığmasında böyük iş təcrübəsi var.

Cari mövsümdə “Ange” “Tottenhem”i 12 oyuna çıxarıb, 8 qələbə qazanıb, 2 heç-heçə edib, 2 məğlubiyyət alıb. “Mahmızlar” Postekoqlunun rəhbərliyi altında 27 qol vurublar, 19 qol buraxıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: