“Liverpul”un hücumçusu Luis Diasın Milli Azadlıq Ordusuna (ELN) məxsus dəstə tərəfindən qaçırılmış atası əsirlikdən azad edilib.
Arena.az xəbər verir ki, bu barədə jurnalist Viki Davila “X” sosial şəbəkəsindəki hesabı üzərindən məlumat verib:
“Tanrıya həmd olsun! Luis Diasın atası Luis Manuel Diasın azadlığa çıxması və ailəsinin yanına qayıtması necə də xoşdur. Nə böyük ağrı və eyni zamanda xoşbəxtlik! Kabus bitdi, işgəncələr dayandı. Yenə bir yerdədirlər.
Luço, sən bacardın!!! Sənin yenə atan olacaq. Dünya sənin və sənin ailən üçün xoşbəxtdir”, – Davila yazıb.
Xatırladaq ki, oktyabrın sonlarında Luis Diasın doğma məmləkəti Quaxira departamentinin Barrankas şəhərində futbolçunun valideynləri oğurlanmışdı. Futbolçunun anası polisin keçirdiyi xüsusi əməliyyatla adam oğrularının əlindən xilas edilmişdı. Futbolçunun atası haqda isə bir müddət məlumat yox idi. Daha sonra ata Diasın Milli Azadlıq Ordusuna məxsus dəstə tərəfindən qaçırıldığı məlum olmuş və təşkilat tezliklə qocanı azad edəcəyi haqda məlumat vermişdi. Bu müddətdə Luis Dias özü Milli Azadlıq Ordusuna bir oğul kimi müraciət edərək, atasının azad edilməsini istəmişdi.


