Angelos Postekoqlu yenə ən yaxşı seçildi, ilkə imza atdı

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu oktyabr ayında İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi elan edilib.

Arena.az İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir ki, müvafiq mükafat avstraliyalı mütəxəssis üçün cari 2023/2024 mövsümündə üçüncüdür.

Xatırladaq ki, Postekoqlu avqust və sentyabr aylarında da Premyer Liqanın ən yaxşı məşqçisi seçilmişdi. Beləliklə, Postekoqlu ayın ən yaxşı məşqçisi adını avqust, sentyabr və oktyabr aylarında ardıcıl 3 dəfə qazana bilmiş ilk mütəxəssis olub.

Oktyabrda “Ange”nin rəhbərliyi altında “mahmızlar” “Luton Taun” (1:0), “Fulhem” (2:0) və “Kristal Pelas” üzərində qələbə qazanıblar.

Angelos Postekoqlu “Tottenhem”ə italyan mütəxəssis Antonio Kontenin istefasından sonra gətirilib. “Ange” cari ilin iyul ayının 1-dən vəzifəsinin icrasına başlayıb. “Mahmızlar” yunanəsilli avstarliyalı mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

57 yaşlı mütəxəssis buna qədər 2021-ci ilin yayından çalışdırdığı “Seltik”də 2 dəfə Şotlandiya Premyer Liqasını və Liqa Kubokunu, həmçinin Şotlandiya Kubokunu qazanıb. Postekoqlunun Avstraliyanın U-17, U-20 və həmçinin əsas yığmasında böyük iş təcrübəsi var.

Xatırladaq ki, “Tottenhem” 11 turdan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlində 26 xalla 2-ci pillədə qərarlaşıb, “mahmızlar” cəmi 1 xal öndə olan “Mançester Siti”ni təqib edirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: