Məşhur ingilis məşqçi Terri Veneybls vəfat edib

“Çelsi”nin sabiq futbolçusu, həmçinin “Barselona” və “Tottenhem”inin keçmiş məşqçisi Terri Veneybls 80 yaşında dünyasını dəyişib.

Arena.az məlumat verir ki, Veneybls dünən, noyabrın 25-də vəfat edib.

Mütəxəssisin çalışdırdığı klublar onun vəfatı ilə bağlı başsağlığı veriblər.

“Barselona” 1984-1987-ci illərdə komandaya rəhbərlik etmiş Terri Veneyblsın ölümündən dərin təəssüf hissi keçirir. Yaxınlarına başsağlığı veririk. Rahat yat”, – Kataloniya nəhəngi rəsmi “X” sosial şəbəkə hesabı üzərindən dərc edib.

“Bu inanılmaz çətin zamanda Terrinin dostlarına və ailəsinə dərin hüznlə başsağlığı veririk. Hörmət əlaməti olaraq, oyuna başlamazdan əvvəl bir dəqiqəlik alqışlar səsləndirəcəyik və oyunçularımız “Aston Villa” ilə bugünkü oyunda qollarına qara sarğı taxacaqlar”, – “Tottenhem”in rəsmi “X” sosial şəbəkə hesabında deyilir.

“Çelsi” Futbol Klubunda hər kəs “mavilər”in keçmiş oyunçusu Terri Veneyblsın 80 yaşında vəfat etdiyini öyrənincə dərin kədərləndi. Klubumuzda hər kəsin düşüncələri və başsağlığı bu çətin anda onun ailəsinə və dostlarına yönəlib. Rahat yat, Terri”, – “Çelsi”nin rəsmi “X” sosial şəbəkə hesabında dərc edilib.

“Barselona”nın baş məşqçisi kimi Veneybls kataloniyalılara 1984/1985 mövsümündə İspaniya çempionluğunu qazandırıb. İngilis mütəxəssis “Tottenhem”lə 1991-ci ildə İngiltərə Kubokunu və elə həmin il İngiltərə Super Kubokunu qazanıb. “Çelsi”də oynayarkən Veneybls 1965-ci ildə Futbol Liqası Kubokunu qazanıb.

Həmçinin Veneybls “Lids”, “Midsbro” (Brayan Robsonla birlikdə), “Kristal Pelas”, “Kuinz Park Reyncers” komandalarını çalışdırıb.

Terri Veneybls İngiltərə milli yığma komandasına (1994-1996) və Avstraliya yığmasına (1997-1998) baş məşqçilik edib. 2006-2007-ci illərdə isə Veneybls İngiltərə yığmasında baş məşqçinin köməkçisi vəzifəsini icra edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: