“Tottenhem”in uruqvaylı mərkəz yarımmüdafiəçisi Rodriqo Bentankur zədə səbəbindən bir müddət futbolsuz qalmalı olacaq.
Arena.az bu barədə məşhur italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.
Mənbənin məlumatına görə Bentankur ötən həftəsonu İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində “Aston Villa” ilə oyunda (1:2) topuq zədəsi alıb. İlkin müayinə futbolçunun gələn ilin fevral ayının ortalarında sıraya dönəcəyini təxmin edir.
Xatırladaq ki, bu, uruqvaylı futbolçunun cari ildə aldığı ikinci zədədir. Hələ fevralda diz zədəsi almış Bentankur oktyabrın sonunda yenicə “mahmızlar”ın sırasına qayıtmışdı.
Rodriqo Bentankur “Boka Xuniors”un yetirməsidir. Uruqvaylı futbolçu “Tottenhem”ə 2022-ci ilin yanvarında 19 milyon avro müqabilində “Yuventus”dan keçib. Bentankurun “mahmızlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Bentankur “Tottenhem”in heyətində 4 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Bentankurun “Tottenhem”in heyətində ümumi statistikası isə belədir: 48 oyun, 6 qol, 6 məhsuldar ötürmə.
Bentankur 2017-ci ilin oktyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 56 oyuna 1 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib. Rodriqo Uruqvayın U-20 yığması ilə 2017-ci il Cənubi Amerika Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı Rodriqo Bentankuru 40 milyon avro məbləğində qiymətləndirir.


