Dekabrın 3-də Türkiyə Super Liqasının 14-cü turu çərçivəsində baş tutan “Ankaragücü” – “Beşiktaş” matçında azarkeşlər arasında dava düşüb.
Arena.az xəbər verir ki, Ankara və İstanbul təmsilçiləri arasındakı oyunda qalib müəyyənləşməyib – 1:1.
Ankarada baş tutan matçın ardından azarkeşlər arasında xoşagəlməz hadisələr yaşanıb. İlk olaraq “Ankaragücü” azarkeşləri “Beşiktaş” tərəfdarlarının yerləşdiyi tribunaya yad cisimlər atıblar. Stadionun içində gözlədilən “Beşiktaş” azarkeşləri isə stadionun oturacaqlarını qıraraq ankaralı tərəfdarlara atmağa çalışıblar. Hadisələrə müdaxilə edən polis “Ankaragücü” azarkeşlərini stadiondan uzaqlaşdırmağa çalışıb. Lakin azarkeşlər polislərə də daş və müxtəlif əşyalara atmağa başlayıblar. Stadionu tərk etməyi gözləyən “Beşiktaş” azarkeşləri yan tribunalardakı “Ankaragücü” pankartlarını sökərək yandırıblar. Yanğınsöndürənlər yanan oturacaqlara müdaxilə edərək onları söndürüblər. “Ağ-qaralar”ın azarkeşləri stadionun tualetlərinə, eləcə də tribunalardakı oturacaqlara ziyan vurublar. “Beşiktaş” fanatları polisin geniş təhlükəsizlik tədbirləri altında stadionu tərk ediblər.
Türkiyə Futbol Federasiyasının “Ankaragücü” – “Beşiktaş” matçındakı olaylarla bağlı ciddi cəzalar verməsi gözlənilir.
Maraqlıdır ki, Ankara və İstanbul klubları son illərdə qonaq komandanın azarkeşlərini qəbul etmirdi. Bununla bağlı qadağa yenicə aradan qaldırılmışdı. Lakin göründüyü kimi, qadağanın ləğvindən sonrakı ilk matçdaca tərəfdarlar arasında belə problem yaşanıb.
Nihad Əsədov


