“Milan”ın portuqal sol vingeri Rafael Leao İtaliyada keçirilmiş “Gran Gala del Calcio 2023” mükafatlandırma mərasiminə qısa ətəkdə gəlib.
Arena.az məlumat verir ki, müvafiq tədbir İtaliyanın 2022/2023 mövsümünə yekun vuran futbol “Oskar”ıdır.
“Napoli”nin hücumçusu Viktor Osimhen ən yaxşı oyunçu tanınıb, mərasimə qeyri-adi geyimdə gəlmiş Leao isə ilin rəmzi komandasına daxil edilib.
Rafael Leao “Sportinq”in yetirməsidir. Portuqal vinger “Milan”a 2019-cu ilin avqustunda 29,50 milyon avro qarşılığında “Lill”dən keçib. Tərəflər arasındakı müqavilə 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bu müddət ərzində Leao “rossoneri”nin heyətində 169 oyuna çıxıb, 46 qol vurub, 38 məhsuldar ötürmə verib. Cari mövsümdə portuqal vinger “Milan” üçün 16 oyun keçirib, 4 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Leao “Milan”la 2021/2022 mövsümü A Seriyasının qalibi olub və həmin mövsüm üçün ilin oyunçusu seçilib.
Rafael Leao 2021-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 23 oyun keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə verib. Vingerin aşağı yaş qruplarından ibarət yığma komandalarda zəngin oyun təcrübəsi var. Əsas yığmada debütə qədər Rafael Leao U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətinə dəvət alıb və U-18 yığmasından başqa bütün komandaların heyətində çoxlu oyunlar keçirib və qollar vurub. Leao Portuqaliyanın U-17 yığması ilə Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet portalı 24 yaşlı Rafael Leaonu 90 milyon avro məbləğində qiymətləndirir.



