Məhəmməd Salah “Liverpul”da rekordları sıraladı

“Liverpul”un misirli sağ vingeri Məhəmməd Salah üçün İngiltərə Premyer Liqasının 16-cı turunda “Kristal Pelas”la oyun (2:1) əlamətdar olub.

Arena.az məlumat verir ki, Salah səfər oyununda vurduğu qolla “Liverpul”un qələbəsinə öz töhfəsini verməklə yanaşı, 2 rekorda imza atıb.

Əvvəla, bu, Salah üçün “qırmızılar”ın heyətində bütün yarışlarda vurduğu 200-cü qol olub. Eyni zamanda, Salah “Liverpul”un ingilis sabiq mərkəz yarımmüdafiəçisi Stiven Cerrardın rekordunu qıraraq, Premyer Liqanın bütün tarixində “qol və ötürmə” cəmi üzrə mersisaydlıların lideri olub. Salahın hesabında İngiltərə Premyer Liqası çərçivəsində keçirdiyi 234 oyunda 148 qol, 65 məhsuldar ötürmə var.

Salah öz uğuru haqda açıqlama verib: “Düşünürəm ki, ən əsası qələbə qazanmağımızdır. Bu, həqiqətən çətin idi, amma təbii ki, qalib gələndə və qol vuranda, bu, çox gözəl hissdir. Nailiyyətə və həmçinin komandanın oyunda qalib gəlməsinə sevinirəm.

Komandanın xasiyyətini görürəm, mübarizəmizi sona qədər davam etdiririk. Bunu həm bu oyunda, həm də əvvəlki oyunlarda etdik. Biz ondan müsbət bir şey əldə edirik.

Əlbəttə ki, indi bir növ yeni komandamız var, çünki əsas heyətində altı-yeddi yeni futbolçu var. Sadəcə onlara məsləhətimizi verməliyik – mən, Vircil və qalan uşaqlar. Onlar çox şey öyrənirlər, həqiqətən yaxşı uşaqlardır və öyrənməyə qadirdirlər. 2019-cu ildən götürürəm. Düşünürəm ki, oxşarlıqlar var, amma təbii ki, uşaqlar da çox şeyə nail olurlar – onlara qiymət verməliyik. Əminəm ki, bu il biz xüsusi bir şey edə bilərik”.

Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi Salahın “Roma”dan transferi üçün 42 milyon avro xərc çəkib. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Salah “qırmızılar”ın heyətində 22 oyuna 14 qol vurub, 8 məhsuldar ötürmə verib.

Misirli hücumçu “Liverpul”la bütün mümkün ali klub turnirlərinin qalibi olub.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 93 oyun keçirib, 53 qol vurub, 30 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı Məhəmməd Salahı 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: