Arda Turan eyni səhvi 6-cı dəfə təkrarladı

Türkiyə Birinci Liqasında mübarizə aparan “Eyüpspor”un baş məşqçisi Arda Turan 6-cı dəfə eyni səhvə yol verməsi ilə gündəmə gəlib.

Arena.az xəbər verir ki, 36 yaşlı mütəxəssis eyni səhvi təkrarlaması səbəbindən növbəti dəfə Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən cəza alıb.

Söhbət Ardanın TFF akkreditasiya kartını oyunlar zamanı aydın görünəcək şəkildə yaxasından asmamasından gedir. O, Birinci Liqanın 15-ci turunun “Eyüpspor” – “Şanlıurfaspor” oyununda yenə oxşar xətaya yol verib. Bu üzdən də Türkiyə Peşəkar Futbol İntizam Şurası (PFDK) Arda Turanı növbəti dəfə cəzalandırıb. Gənc mütəxəssis 39 min TL cərimə olunub.

Xatırladaq ki, Arda eyni səbəbdən daha öncə PFDK tərəfindən bir dəfə xəbərdarlıq almış, daha sonra 4 dəfə cərimə ödəmək məcburiyyətində qalmışdı. Beşinci dəfə cərimələnən mütəxəssis akkreditasiya kartından düzgün istifadə etmədiyinə görə bu günə kimi bütövlükdə 146 min 250 TL cərimə ödəyib.

Arda Turan bu ilin aprel ayından “Eyüpspor”a rəhbərlik edir. O, indiyə qədər bu komandanı 24 oyuna çıxarıb. “Eyüpspor” bu görüşlərdə 17 qələbə qazanıb, 2 heç-heçə edib və 5 məğlubiyyətə üzülüb.

Bahar Rüstəmzadə

Xəbəri sosial şəbəkələrdə paylaş: