Eddi Hau Liqa Kubokunda “Çelsi”yə məğlubiyyəti şərh etdi

“Nyukasl”ın baş məşqçisi Eddi Hau komandasının İngiltərə Liqa Kubokunun 1/4 finalında “Çelsi”yə məğlubiyyətini şərh edib.

Arena.az BBC-yə istinadən, “sağsağanlar”ın baş məşqçisinin bu barədə fikirlərini təqdim edir:

“Bu, çox ağrılıdır. PSJ ilə oyundan sonra da oxşar hissləri yaşadım. Uşaqlar çox səy göstərdilər, biz bu qədər uzun müddət hesabda öndə olduq.

Bəlkə də ikinci hissədə texniki cəhətdən o qədər də yaxşı deyildik. Fasiləyə qədər qol vurduq və hücumda təhlükəli idik. İkinci hissədə komanda irəlidə üstünlüyünü itirsə də, yaxşı müdafiə olundu.

Moyses Kaysedo oyunun əvvəlində qırmızı vərəqə almalı idimi? Mən də bir çoxları ilə eyni fikirdəyəm – bu qırmızı vərəqədir”, deyə Eddi Hau bildirib.

Xatırladaq ki, İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsində “Çelsi” “Stemford Bric”də “Nyukasl”ı əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatmış oyunda, oyunsonrası penaltilər silsiləsində məğlub etməklə (4:2), yarımfinala adlayıb.