“Araz-Naxçıvan”ın qış hazırlıq planı: Əvvəl Bakıda, sonra Qəbələdə

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk hissəsini 6-cı pillədə başa vurmuş “Araz-Naxçıvan”ın qış hazırlıq planı məlum olub.

Arena.az xəbər verir ki, sözügedən komanda gələn il yanvarın 5-də bir araya gələcək.

Hazırlığın birinci mərhələsi Bakıda həyata keçiriləcək. Yanvarın 10-da “qırmızı-ağlar” yeni ildə ilk matçına çıxacaq. Yoldaşlıq oyununda rəqib “Zirə” olacaq. Matçın başlama saatı və keçiriləcəyi məkanla bağlı məlumat veriləcək.

Ertəsi gün istirahət edəcək komanda yanvarın 12-də Qələbədə ikinci mərhələyə start verəcək. Yanvarın 15-də Qəbələdə Premyer Liqa klublarından biri ilə qarşılaşacaq “Araz-Naxçıvan” matçdan sonra Bakıya dönəcək. Bu dəfə 2 gün istirahət edəcək futbolçular yanvarın 18-dən etibarən Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Qarabağ”la baş tutacaq matça hazırlaşacaq.

“Qarabağ” – “Araz-Naxçıvan” oyunu yanvarın 21-də keçiriləcək.

Xatırladaq ki, Muxtar Respublika təmsilçisi mövsümün ilk iki dövrəsindən sonra 26 xalla 6-cı pillədə qərarlaşıb. Azər Bağırovun çalışdırdığı komanda indiyə qədər keçirdiyi 18 oyunda 7 qələbə qazanıb, 5 heç-heçə edib və 6 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: