“Beşiktaş”ın Braziliyadan olan sabiq yarımmüdafiəçisi Jozef de Souza yenidən Türkiyə Super Liqasında çıxış edəcək.
Arena.az xəbər verir ki, bu ilin fevralında İstanbul təmsilçisindən ayrılaraq Çinin “Beijing Quoan” klubuna transfer olunan braziliyalı oyunçu dekabrın 31-dən sonra azad agentə çevriləcək.
Türkiyə mətbuatının yazdığına görə, Çin klubundan ayrılan De Souza Super Liqa komandalarından olan “Başakşəhər”lə anlaşıb. O, Türkiyədə “Fənərbaxça” və “Beşiktaş”dan sonra üçüncü komandasına imza atacaq. Braziliyalı oyunçu İstanbul təmsilçisi ilə 1,5 illik müqaviləyə dair razılığa gəlib.
Super Liqa karyerasına “Fənərbaxça”da başlamış Jozef de Souza 3 mövsüm “sarı-lacivərd” komandada çıxış edib. “Fənərbaxça”dan ayrıldıqdan sonra “Əl-Əhli”də oynamış braziliyalı 2020/2021 mövsümündən etibarən “Beşiktaş”da forma geyinməyə başlayıb. O, təxminən 2,5 mövsüm burada çıxış edib.
“Fənərbaxça”da 136 oyunda 16 qol, 6 məhsuldar ötürmə ilə yadda qalmış yarımmüdafiəçi, “Beşiktaş”da 88 matçda 9 qol vurub, 4 məhsuldar ötürmə edib. De Souza qardaş ölkədə çıxış etdiyi illərdə Turkiyə Super Liqasının, Türkiyə Kubokunun və Türkiyə Super Kubokunun qalibi olub.
Karyerasına ölkəsinin “Vasko da Qama” komandasında başlamış yarımmüdafiəçi, “Portu”, “Qremio”, “San Paulo”, “Əl-Əhli” kimi klubların da formasını geyinib. O, Braziliya milli komandasında da 3 oyuna çıxıb.
Nihad Əsədov


