Huqo Lyoris 11 il sonra “Tottenhem”i tərk etdi – Rəsmi

Futbol üzrə Fransa millisinin və İngiltərənin “Tottenhem” klubunun qapıçısı Huqo Lyoris London təmsilçisini tərk edib.

Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.

Klub 11 ildir “Tottenhem”in formasını geyinən təcrübəli qolkiperin bundan sonrakı karyerasını Amerika Birləşmiş Ştatlarında davam etdirəcəyini açıqlayıb. Belə ki, o, MLS təmsilçisi “Los Anceles”dən aldığı təklifi qəbul edib. Bu üzdən də London klubu ilə 37 yaşlı qapıçı arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onun bu klubla müqaviləsi cari mövsümün sonuna qədər idi.

Artıq Lyorisin “Los Anceles”lə müqaviləsinin də müddəti bəllidir. Belə ki, o, ABŞ klubu ilə 1+2 illik sözləşmə imzalayıb.

Fransız qapıçı 2012-ci ilin avqust ayından “Tottenhem”də çıxış edirdi. Lyoris “Tottenhem”də çıxış etdiyi 11 mövsüm ərzində “mahmızlar”ın heyətində 444 oyuna çıxıb, 508 qol buraxıb, 151 oyunda isə qapısını toxunulmaz saxlayıb. O, bu müddət ərzində bir kubok belə, qazana bilməyib.

“Transfermarkt” internet-portalı Lyorisi 1,5 milyon avro məbləğində qiymətləndirir.

Huqo Lyoris karyerası ərzində Lion “Olimpik”inin və “Nitsa”nın da uğurları üçün çalışıb. O, Fransa milli komandasında da 145 oyun keçirib, 120 qol buraxıb. Təcrübəli qapıçının hesabında 63 “quru” matç da var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: