“Milan”ın portuqal sol vingeri Rafael Leao dünya futbolunda kumirlərinin kimlər olduğu haqda suala maraqlı cavabı ilə diqqət çəkib.
Arena.az AS dərgisinə istinadən, Leaonun cavabını diqqətinizə çatdırır:
“Mənim kumirim Kristiano Ronaldodur. Mən onun və Mbappe kimi olmaq istəyirəmmi? Mən buna nail ola bilərəm, amma mən eqoist deyiləm. Mən qol vura bilərəm, amma məhsuldar ötürmə verə bilirəmsə, bunu edirəm. Bu səviyyələrdə hər şey rəqəmlərlə bağlıdır, çünki Mbappe, Haland və Messi ilə rəqəmlər öz sözünü deyirlər. Mən də onlar kimi düşünəndə bu səviyyəyə çatacağam”, deyə Leao ikibaşlı vurğulayıb.
Rafael Leao “Sportinq”in yetirməsidir. Portuqal vinger “Milan”a 2019-cu ilin avqustunda 29,50 milyon avro qarşılığında “Lill”dən keçib. Tərəflər arasındakı müqavilə 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bu müddət ərzində Leao “rossoneri”nin heyətində 183 oyuna çıxıb, 47 qol vurub, 41 məhsuldar ötürmə verib. Cari mövsümdə portuqal vinger “Milan” üçün bütün yarışlarda 20 oyun keçirib, 4 qol vurub, 5 məhsuldar ötürmə verib.
Leao “Milan”la 2021/2022 mövsümü A Seriyasının qalibi olub və həmin mövsüm üçün ilin oyunçusu seçilib.
Rafael Leao 2021-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 23 oyun keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə verib. Vingerin aşağı yaş qruplarından ibarət yığma komandalarda zəngin oyun təcrübəsi var. Əsas yığmada debütə qədər Rafael Leao U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətinə dəvət alıb və U-18 yığmasından başqa bütün komandaların heyətində çoxlu oyunlar keçirib və qollar vurub. Leao Portuqaliyanın U-17 yığması ilə Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı portuqal sol vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.


