“Araz-Naxçıvan” sınaq matçlarının başlama saatını açıqladı

Bakıda toplanışda olan “Araz-Naxçıvan”ın qış hazırlıq dövründə keçirəcəyi yoldaşlıq oyunlarının başlama saatı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Muxtar Respublika klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, yanvarın 10-da Bakı Olimpiya Stadionunun ehtiyat meydanında “Zirə” ilə keçiriləcək oyunun start fiti saat 15:00-da səslənəcək. 5 gün sonra – yanvarın 15-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Araz-Naxçıvan” matçı isə saat 14:00-da başlayacaq.

Xatırladaq ki, dekabrın 24-də “Turan Tovuz”la keçirilmiş oyundan sonra istirahətə yollanmış Naxçıvan təmsilçisi yanvarın 5-dən etibarən məşqlərini bərpa edib. Yanvarın 11-nə kimi Bakıda hazırlıq keçəcək bu komanda ayın 12-də Qəbələyə yola düşəcək. 3 gün orada hazırlıq keçəcək “Araz-Naxçıvan” yanvarın 15-də rayonun eyniadlı komandası ilə üz-üzə gələcək. Bu matçdan sonra Bakıya dönəcək “qırmızı-ağlar” 2 günlük istirahətdən sonra Azərbaycan Premyer Liqasının 19-cu turunda “Qarabağ”la keçirəcəyi matça hazırlaşacaq. “Qarabağ” – “Araz-Naxçıvan” oyunu yanvarın 21-də keçiriləcək.

Muxtar Respublika təmsilçisi mövsümün ilk iki dövrəsindən sonra 26 xalla 6-cı pillədə qərarlaşıb. Azər Bağırovun çalışdırdığı komanda indiyə qədər keçirdiyi 18 oyunda 7 qələbə qazanıb, 5 heç-heçə edib və 6 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: