Azərbaycanlı jurnalist Rasim Mövsümzadənin FIFA-nın ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “The Best” mükafatı üçün seçimi bəlli olub.
Arena.az xəbər verir ki, o, Amerika Birləşmiş Ştatlarının “İnte” Mayami” klubunda çıxış edən Lionel Messini 2023-cü ilin ən yaxşısı hesab edib.
Rasim Mövsümzadə İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Halandı ikinci, İspaniya təmsilçisi “Barselona”nın formasını geyinən İlkay Gündoğanı üçüncü yerə layiq görüb.
Rasim Mövsümzadənin hazırda heç bir yerli futbol KİV-də təmsil olunmadığını da qeyd edək. Amma uzun illərdir Azərbaycanı bu sorğuda məhz o təmsil edir.
Maraqlıdır ki, jurnalistlər arasındakı sorğuda 190 ölkədən yalnız 35-i Messiyə səs verib. Leonu ən yaxşı seçənlərin siyahısı da az maraq doğurmur: Əfqanıstan, Albaniya, Anqola, Aruba, Avstriya, Burundi, Kayman Adaları, Çili, Tayvan, Konqo, Kondo DR, Kuk adaları, Kipr, Dominikan Respublikası, Efiopiya, Cəbəllüttariq, Yunanıstan, Honduras, Yamayka, Livan, Lesoto, Liviya, Malavi, Maldiv adaları, Mali, Moldova, Monserrat, Seyşel adaları, Sloveniya, Solomon adaları, Sudan, İsveç, Türkiyə, Uruqvay, Vanuatu və Azərbaycan.
Xatırladaq ki, Argentina millli komandasının ulduz hücumçusu Lionel Messi ötən gecə “The Best” mükafatının sahib olub. Argentinalı hücumçu 2019 və 2022-ci illərdə də bu fərdi titula yiyələnmişdi. Bu il mükafatı “Mançester Siti”nin və Norveç yığma komandasının Erlinq Halandın qazanması gözlənilirdi. Bu üzdən də Messinin 2023-cü ilin ən yaxşı futbolçusu seçilməsi birmənalı qarşılanmayıb.


