AFFA “Qəbələ”nin və Qana milli komandasının sol cinah vingeri Samuel Tettehin cəzasını azaltmaqdan imtina edib.
Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Apellyasiya Arbitraj Tribunalı qanalı hücumçu ilə bağlı AFFA İntizam Komitəsinin 2-si şərti olmaqla 4 oyunluq diskvalifikasiya qərarını qüvvədə saxlayıb.
Azərbaycan Premyer Liqasının 17-ci turunda “Səbail”lə keçirilən görüşün 36-cı dəqiqəsində rəqibə zərbə endirdiyi üçün qırmızı vərəqə alan 27 yaşlı futbolçu üçün klubu apellyasiya şikayəti versə də, bu, təmin edilməyib. Həmçinin “Qəbələ” 3000 manat cərimə ödəyəcək.
“Qırmızı-qaralar” Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdir.
AFFA “Sabah” klubunun da oxşar şikayətini təmin etməyib. Paytaxt klubu İntizam Komitəsinin (İK) Gənclər Liqasında “Araz-Naxçıvan”la oyundakı qərarından narazı qalıb.
İK matçın 15-ci dəqiqəsində təhlükəsizlik nümayəndəsi olmadığı üçün görüş dayandığına görə Naxçıvan təmsilçisinə xəbərdarlıq edib. Qarşılaşmanın dayandırıldığı vaxtdan (1:1 hesabı saxlanılmaqla) yenidən təşkili məqsədəuyğun sayılıb. “Sabah”ın isə bu qərarla bağlı apellyasiya şikayəti təmin olunmayıb.
Apellyasiya Arbitraj Tribunalı Region Liqasındakı bir oyunla da bağlı qərarını açıqlayıb. Belə ki, “Veteran Tankçılar Gəncə” klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilib. 17 dekabrda (2023-cü il) keçirilmiş “Veteran Tankçılar Gəncə” – “Bərdə” oyununda Gəncə komandasının heyətində əvəzetmə limiti pozulduğu üçün bu kluba 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin 20 dekabr 2023-cü il tarixli qərarı ləğv edilib. “Veteran Tankçılar Gəncə” komandasının heyətində əvəzetmə limitinin pozulması ilə bağlı məsələyə Tribunalın qərarının təsviri hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün intizam işi İntizam Komitəsinə göndərilib.


