Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Kadis” klubu əsas komandanın baş məşqçisi Serxio Qonsales ilə vidalaşıb.
Arena.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
47 yaşlı mütəxəssislə müqavilə ləğv olunub. Buna komandanın ötən gecə La Liqanın 21-ci turu çərçivəsində baş tutan “Alaves”lə oyunda məğlubiyyəti (0:1) səbəb olub. Məsələ burasındadır ki, bu, sözügedən komandanın ardıcıl üçüncü məğlubiyyəti olub. Üstəlik, “Kadis” 10 oyundur qələbə qazana bilmir.
Serxio Qonsales 2022-ci ilin yanvar ayından “Kadis”ə rəhbərlik edirdi. İspan mütəxəssis bu komandanı bütövlükdə 81 oyuna çıxarıb. La Liqa təmsilçisi bu görüşlərdə 20 qələbə qazanıb, 28 heç-heçə edib və 33 məğlubiyyətə üzülüb.
“Kadis” İspaniya La Liqasında 21 turdan sonra 15 xalla 18-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə cəmi 2 qələbə qazanıb, 9 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.
Qonsales məşqçilik karyerasına “Espanyol”da başlayıb. Daha sonra “Kataloniya”, “Valyadolid”də də məşqçi olub.
Moskva “Spartak”ını çalışdıran Gilyermo Abaskalın adı İspaniya mətbuatında “Kadis”in baş məşqçisi vəzifəsinə əsas namizəd kimi çəkilir. Lakin komandanın azarkeşləri bu mütəxəssisin lazımi təcrübəyə malik olmaması səbəbindən müvafiq təyinata şübhə ilə yanaşırlar.
Yeri gəlmişkən, “Kadis” sağ cinah vingeri Alvaro Ximenesi “Tenerife”yə icarəyə verib. 28 yaşlı ispan futbolçunun bu mövsümün sonuna kimi icarədə olacağı açıqlanıb.
Alvaro Ximenes 2020-ci ilin sentyabrından “Kadis”də olsa da, bu komandada cəmi 12 oyuna çıxıb və 1 qola imza atıb. O, “Albasete”, “Kastilya”, “Xetafe”, “Las Palmas”, “Sportinq” (Xixon), “Traktor”, “İbisa” kimi klublarda da forma geyinib.


