Andrey Lunin Tibo Kurtuanın rekordunu təkrarladı

Çempionlar Liqasının 1/8 finalında “Leypsiq”ə qarşı ilk oyun (1:0) “Real”ın ukraynalı qapıçısı Andrey Lunin üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Lunin bu oyunda 9 qurtarış edib və komanda yoldaşı, belçikalı qapıçı Tibo Kurtuanın nailiyyətini təkrarlayıb.

Beləliklə, ukraynalı qapıçı “Real”ın tarixində Çempionlar Liqasında 1 oyunda 9 qurtarış etmiş və qol buraxmamış ikinci qapıçı olub. “Real”ın müvafiq nəticəyə nail olmuş ilk qapıçısı Tibo Kurtuadır. Belçikalı qapıçı 2021/2022 mövsümünün Çempionlar Liqasının “Liverpul”a qarşı final oyununda (1:0) həmin nəticəni göstərib.

“Real”ın baş məşqçisi Karlo Ançelotti Luninin bu oyunda çıxışını yüksək qiymətləndirib:

“Lunin əla oyun, ən yaxşı oyununu keçirdi. Oyun təcrübəsi ilə onun özünəinamı gəlir”, deyə italyan mütəxəssis bildirib.

Andrey Lunin “Metallist”in (Xarkov) yetirməsidir. Lunin karyerası ərzində “Dnepr”, “Zorya” (Luqansk), “Real”, Leqanes”, “Valyadolid” və “Ovyedo”da çıxış edib. “Real” ukraynalı qapıçını 2018-ci ilin iyulunda “Zorya”dan 8,50 milyon avro müqabilində heyətinə qatıb və bir müddət ispan klublarında icarələrdə oynadıb. Luninin “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümün əvvəlində “Real”ın əsas qapıçısı, belçikalı qapıçı Tibo Kurtuanın zədələnməsi ilə Lunin “qaymaqlılar”ın qapısını qorumaq imkanı qazanıb. Tezliklə Lunin “Real”ın əsas qapıçısı olmağa iddiasını ortaya qoyub.

Cari mövsümdə Lunin “Real”ın heyətində bütün yarışlard 17 oyun keçirib, 13 qol buraxıb, 8 oyundan “quru” çıxıb.

Andrey Luninin qənimətlər muzeyində olan bütün kuboklar ukraynalı qapıçının məhz “Real”la qazandıqlarıdır. Bunlara İspaniya La Liqası, İspaniya Kral Kuboku, İspaniya Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku daxildir.

Lunin 2018-ci ilin mart ayında debüt etdiyi Ukrayna yığmasının heyətində 9 oyun keçirib, 6 qol buraxıb, 5 oyunda qapısının toxunulmazlığını təmin edə bilib. Andrey Ukraynanın U-20 yığması ilə 2019-cu il dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı ukraynalı qapıçının transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: