Çempionlar Liqası 1/8 finalının “Real Sosyedad”a qarşı ilk oyunu (2:0) PSJ-nin fransalı ulduzu, hücumçu Kilian Mbappe üçün əlamətdar olub.
Arena.az “Opta Sport” statistik-internet portalına istinadən məlumat verir ki, Mbappe yarışın tarixində əsas heyətdə meydana çıxdığı ardıcıl 10 ev oyununda ən azı 1 qol vurmuş ilk futbolçu olub.
Həmçinin vurduğu qolla 25 yaşlı Mbappe Çempionlar Liqasında keçirdiyi 68-ci oyununda 44-cü qoluna imza atıb. 26 yaşa qədər Çempionlar Liqasında yalnız Lionel Messi daha çox qol vurub – 59 qol.
Vurğulayaq ki, Mbappe Çempionlar Liqasında 44-cü qolunu vurmaqla həm də Məhəmməd Salah və Didye Droqbanın nəticələrini təkrarlamış olub.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 30 oyuna çıxıb, 31 qol vurub, 7 məhsuldar ötürmə verib. Fransız forvard bu komandanın heyətində bütövlükdə 290 oyuna çıxıb. O, bu oyunlarda 243 qola imza atıb, 105 məhsuldar ötürmə müəllifi olub. Mbappenin “Monako” karyerası isə 60 oyun, 27 qol və 16 assistdən ibarətdir.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.


