“Liverpul”un portuqal sol vingeri Dioqo Jota İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.
Yanvarda ayında Premyer Liqanın 3 oyununda Jota 3 qol vurub və 2 məhsuldar ötürmə verib. Bununla da o, “Liverpul”un “Nyukasl” (4:2), “Bornmut” (4:0) və “Çelsi” (4:1) üzərində qələbələrində böyük pay sahibi olub.
Jota bu mövsüm Premyer Liqada ayın ən yaxşısı seçilən ikinci “Liverpul”lu futbolçudur. Onun komanda yoldaşı Məhəmməd Salah da oktyabr ayının ən yaxşısı elan edilmişdi.
2023/2024 mövsümündə ən yaxşı seçilmiş bütün futbolçuların siyahısını xatırladırıq:
Avqust – Ceyms Meddison (“Tottenhem”)
Sentyabr – Son Hın Min (“Tottenhem”)
Oktyabr – Məhəmməd Salah (“Liverpul”)
Noyabr – Harri Maquayr (“Mançester Yunayted”)
Dekabr – Dominik Solanke (“Bornmut”)
Dioqo Jota “Qondomar” klubunda futbola qədəm qoyub. Portuqal vinger karyerası ərzində “Pasuş de Ferreyra”, “Atletiko” (Madrid), “Portu”, “Vulverhempton” klublarında çıxış edib. “Liverpul” Jotanı 2020-ci ilin sentyabrında 44,7 milyon avro müqabilində “Vulverhempton”dan heyətinə qatıb. Portuqal futbolçunun Mersisayd klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvdədədir.
Cari mövsümdə Jota “qırmızılar”ın heyətində bütün yarışlarda 27 oyuna çıxıb, 14 qol vurub, 3 məhsuldar ötürmə verib.
Dioqo Jotanın qənimətlər muzeyində “Vulverhempton”la qazandığı İngiltərə Çempionşipi (2017/2018), həmçinin “Liverpul”la İngiltərə Kuboku (2022) və İngiltərə Liqa Kuboku (2022) var.
Jota 2019-cu ilin noyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 36 oyuna 12 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 27 yaşlı portuqal vingerin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


