Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 24-cü turu çərçivəsində baş tutan “Bandırmaspor”la oyunun iştirakçısı olub.
“Ümraniyəspor” səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4. Hesabı 31-ci dəqiqədə Coşqunun komandası açsa da, qalan dəqiqələrdə 4 qol vuran meydan sahibləri darmadağına seviniblər. Bu, İstanbul təmsilçisinin cari mövsümdəki 11-ci məğlubiyyətidir. Futbolçumuzun komandası qalan oyunlarda 6 heç-heçə edib və 7 qələbə qazanıb.
Coşqun bu oyunun 75-ci dəqiqəsində, hesab 1:4 olarkən meydana buraxılıb və sonadək oynayıb.
Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la 2023-cü ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 23 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.
24 turdan sonra “Ümraniyəspor” 27 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.