Ceymi Karrager: “MY heç Mançesterdə də lider olmayacaq”

“Liverpul”un keçmiş müdafiəçisi, hazırda futbol təhlilçisi Ceymi Karrager Mançester derbisi ərəfəsində “odun üstünə yağ töküb”.

Arena.az “The Telegraph” nəşrinə istinadən məlumat verir ki, Karrager İngiltərə nəhəngi “Mançester Yunayted”in hansı şərtlər daxilində İngiltərə futbolunda öz qüvvətli mövqeyini bərpa edə biləcəyini açıqlayıb:

“Pep Qvardiola ingilis futbolunda qaldığı müddətdə “Mançester Yunayted” “Mançester Siti”ni zirvədən salmağı unuda bilər.

“Yunayted” sahiblərini dəyişə, dünyanın ən yaxşı icraçı direktoru və idman direktorunu tapa, skaut şöbəsini yeniləyə, “Old Trafford”u yenidən qura və Ser Aleks Ferqyusondan bəri ən yaxşı məşqçini təyin edə bilər. Fərq etməz. Nə qədər ki, Qvardiola buradadır, “Siti”nin narahat olacağı bir şey yoxdur.

“Siti”nin məşqçisi dəyişməyincə, “Yunayted” heç vaxt öz şəhərinin ən üstün klubu olmayacaq, bütün ölkəni bir yana qoyun”, deyə Ceymi Karrager vurğulayıb.

Vurğulayaq ki, Karragerin bu çıxışı “qırmızı şeytanlar”ın düşərgəsində hiddətlə qarşılanıb.

Xatırladaq ki, “şəhərlilər” bu gün, Bakı vaxtı ilə 19:30-da Premyer Liqanın 27-ci turu çərçivəsində “Mançester Yunayted”i qonaq edəcəklər.

Hər iki komanda üçün derbidə qələbə vacib əhəmiyyət kəsb edir. Belə ki, büdrəyəcəyi halda “Mançester Siti” Premyer Liqanın lideri “Liverpul”un daha da aralanması üçün “qırmızılar” əla fürsət verə bilər. “Mançester Yunayted” isə Çempionlar Liqasına vəsiqə verən ilk dördlükdən geri qalmamaq üçün bütün varlığı ilə mübarizə aparmağa məhkumdur.

26 oyundan 59 xalla “şəhərlilər” yarış cədvəlində 2-ci, “qırmızı şeytanlar” isə 44 xalla 6-cı pillədə qərarlaşıblar. Premyer Liqaya 27 oyundan 63 xalla “Liverpul” başçılıq edir.