Fevral ayında A Seriyasının ən yaxşı oyunçusu – Paulo Dibala!

“Roma”nın argentianlı hücumçusu Paulo Dibala fevral ayının yekunlarına əsasən, İtaliya A Seriyasının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə İtaliya A Seriyasının rəsmi saytına istinadən məlumat verir.

Ötən ay Dibala “Roma”nın heyətində A Seriyasında 3 oyunda iştirak edib və 5 qol vurub. Dibala “Kalyari” ilə oyunda (4:0) dübarə fərqlənib, “Torino”ya isə (3:2) 3 qol yükləyib.

Paulo Dibala Argentinanın “İnstituto” klubunun yetirməsidir. Avropa karyerasına “Palermo” ilə başlayan Dibala buradan “Yuventus”a keçib. 2022-ci ilin iyulunda isə “Roma” Dibalanı “qoca sinyora”nın düşərgəsindən azad agent qismində heyətinə qatıb.

Cari mövsümdə Dibala “canavarlar”ın heyətində bütün yarışlarda 27 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.

Paulo Dibalanın qənimətlər muzeyində “Palermo” ilə B Seriyası çempionluğu, “Yuventus”la İtaliya çempionluğu (5 dəfə), İtaliya Kuboku (4 dəfə), İtaliya Super Kuboku (3 dəfə) var.

Paulo Dibala 2015-ci ilin oktyabrında debüt etdiyi Argentina yığmasının heytində 38 oyuna 3 qol vurub, 7 məhsuldar ötürmə verib. Dibala “albiseleste” ilə DÇ-2022-nin və 2021/2022 Çempionların CONMEBOL-UEFA Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı argentinalı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, Dibala bu mövsüm ikinci dəfə A Seriyasında ayın ən yaxşı oyunçusu seçilib. O, 2023-cü ilin noyabr ayında da oxşar uğura imza atmışdı. Bütövlükdə, bu mövsüm A Seriyasında ayın ən yaxşısı seçilmiş futbolçuların siyahısı belədir:

Sentyabr 2023 – Rafael Leao (“Milan”)
Oktyabr 2023 – Luataro Martines (“İnter”)
Noyabr 2023 – Paulo Dibala (“Roma”)
Dekabr 2023 – Kristian Pulişiç (“Milan”)
Yanvar 2024 – Duşan Vlahoviç (“Yuventus”)

Xəbəri sosial şəbəkələrdə paylaş: