“Fənərbaxça” Türkiyə Super Liqasından çıxır?

“Fənərbaxça”nın prezidenti Türkiyə Super Liqasından çıxmaq qərarını 3 ay sonrakı növbəti ümumi iclasa qədər təxirə saldıqlarını açıqlayıb.

Arena.az xəbər verir ki, İstanbul təmsilçisi cari mövsümü Super Liqada başa vurmağa qərar verib.

Daha əvvəl bu komandanın cari mövsümün sonuna qədər Türkiyə çempionatından çıxaraq başqa çempionata keçməsi məsələsi ilə bağlı klubun ev stadionunda ümumi yığıncaq keçirilmişdi. Görüşdə 20 mindən çox klub azarkeşi iştirak etmişdi.

Bir müddət əvvəl, “Fənərbaxça”nın Super Liqanın 30-cu turu çərçivəsində baş tutan səfər oyununda “Trabzonspor” azarkeşlərinin komandanın futbolçularına hücumu səbəbindən çempionatı dəyişə biləcəyi xəbəri yayılmışdı. Bildirilir ki, İstanbul klubu Belçika, Niderland, İspaniya, Fransa və İtaliya liqaları ilə bağlı seçimləri nəzərdən keçirir.

Xatırladaq ki, Türkiyə Super Liqasının 30-cu turunun “Trabzonspor”la səfər oyununun final fitindən sonra “Fənərbaxça”lıların meydanın mərkəzində qələbəni çılğınlıqla qeyd etməsi, kütləvi şəkildə meydana qaçan yerli azarkeşlərə xoş gəlməmişdi. Bundan sonra qonaq futbolçuların da iştirak etdiyi dava müvafiq biabırçılığa yol açıb. Klub prezidenti Ali Koç baş verənlərə görə Super Liqadan çəkilməyi müzakirəyə çıxaracaqlarını açıqlayıb. İstanbul təmsilçisinin çıxaracağı yekun qərarın Türkiyə Futbol Federasiyasının məlum qalmaqalla bağlı verəcəyi cəzalardan asılı olduğu bildirilir.

“Fənər” Türkiyə Super Liqasının cari mövsümündə 30 oyuna topladığı 79 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda 31 oyuna 84 xal toplamş əzəli rəqibi, lider “Qalatasaray”dan 5 xal geri qalır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: