Angelos Postekoqlu Timo Verneri “Tottenhem”də saxlamaq istəyir

“Tottenhem”inin baş məşqçisi Angelos Postekoqlu alman hücumçu Timo Vernerin İngiltərə klubundakı gələcəyindən danışıb.

Arena.az xatırladır ki, 28 yaşlı hücumçu “mahmızlar”ın heyətində “Leypsiq”dən icarə əsasında çıxış edir.

“Müvafiq vaxtda qərar veriləcək. Düşünürəm ki, o, bizim üçün böyük bir alış oldu. Verner bizim strukturumuzun çox vacib hissəsidir. Fikrimcə, o, təkmilləşməyə davam edə bilər”, deyə Angelos Postekoqlu bildirib.

Futbol üzrə Almaniya yığmasının və “Leypsiq”in hücumçusu olan Timo Verner “Tottenhem”ə bu ilin yanvar ayında icarə əsasında keçib. 28 yaşlı futbolçu London təmsilçisinin heyətində indiyə qədər 11 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

“Tottenhem”in yayda alman futbolçunu 18 milyon avro ödəyərək birdəfəlik almaq hüququ var. Timonun icarə müqaviləsinin müddəti isə iyunun 30-na qədərdir.

Xatırladaq ki, Timo Verner daha öncə İngiltərədə “Çelsi”nin də şərəfini qoruyub. Belə ki, o, 2020-ci ilin iyul ayında 53 milyon avro qarşılığında keçdiyi London klubunun heyətində 89 oyuna çıxıb, 23 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub. Lakin 2022-ci ilin avqustunda “Leypsiq” “Çelsi”yə 20 milyon avro ödəyərək sabiq forvardını geri qaytarmışdı.

Verner bu mövsüm “Leypsiq”in heyətində bütün turnirlər çərçivəsində 14 matçda iştirak edib, 2 qol vurub və 1 qolun ötürməsini verib. O, Almaniya klubunda bütövlükdə 213 oyuna çıxıb, 113 qol və 47 məhsuldar ötürmə müəllifi olub. Vernerin hazırda “Leypsiq”lə 2026-cı ilin 30 iyununa qədər qüvvədə olan müqaviləsi var.

“Ştutqart”ın yetirməsi olan Verner, “Leypsiq”dən öncə məhz bu komandanın uğurları üçün çalışıb. Almaniya yığmasında 57 oyuna çıxan hücumçu, 24 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: