İngiltərə klubları ölkə kubokunu tərk etməklə hədələdilər

İngiltərənin aşağı divizion klubları İngiltərə Premyer Liqasına (EPL) və İngiltərə Futbol Assosiasiyasına (The FA) qarşı mövqe tutublar.

Arena.az “Daily Mail” nəşrinə istinadən məlumat verir ki, kiçik klublar rəhbər qurumların İngiltərə Kubokunun tərtibatını dəyişmək haqda qərarında narazıdırlar.

Həmçinin, ilk oyunda heç-heçə olacağı təqdirdə təkrar oyunların ləğvi barədə qərar qəbul etdikdən sonra bir sıra klublar İngiltərə Kubokunu boykot etməyi düşünürlər.

Mənbənin məlumatına görə, yüksək liqalarda çıxış etməyən bir neçə klubun idarəçisi bu yenilikdən hiddətlənib, çünki bu, onları əlavə gəlirdən məhrum edəcək. Üstəlik, adı açıqlanmayan klubların rəhbərlərinin də fikirləri nəzərə alınmadan bu qərarın qəbul edilməsi xoş qarşılanmayıb.

Bununla belə, yenilənmiş İngiltərə Kubokunun boykot ediləcəyi təqdirdə bu klubların Premyer Liqadan əlavə həmrəylik ödənişlərindən məhrum ediləcəyi vurğulanır. Bir sözlə, İngiltərə Premyer Liqası və İngiltərə Futbol Assosiasiyası kələfin hər iki ucunu öz əlində saxlayıb.

Xatırladaq ki, İngiltərə Kubokunun tərtibatının növbəti mövsümdən etibarən dəyişdiriləcəyi barədə daha əvvəl məlumat yayılmışdı. Təkrar oyunları ləğv etməklə yanaşı, Premyer Liqa təqvimini elə dəyişəcək ki, liqa oyunları artıq İngiltərə Kubokunun 5-ci turu və 1/4 finalı ilə eyni vaxtda keçirilməyəcək. Bildirilir ki, dəyişikliklər Premyer Liqa mövsümünə həmişəkindən gec başlamağa imkan verəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: