Tyaqo Silva “Çelsi”dəki gələcəyi haqda danışdı: “Yaxın günlərdə…”

“Çelsi”nin braziliyalı mərkəz müdafiəçisi Tyaqo Silva “zadəganlar”ın düşərgəsindəki gələcəyi ilə bağlı fikirlərini paylaşıb.

Arena.az “The Standart” dərgisinə istinadən məlumat verir ki, təcrübəli futbolçu bu haqda İngiltərə Kubokunun yarımfinalında “Mançester Siti” ilə oyundan (0:1) sonra söhbət açıb:

“Yaxın günlərdə bunu biləcəksiniz. Məğlubiyyətdən sonra indi heç nə demək istəmirəm. Nəticəyə görə kədərlənirəm, amma gec-tez xəbər məlum olacaq. Başımda bir həll var, amma indi onu paylaşmağın vaxtı deyil. Bu, fərdi idman növü deyil, amma buradakı dörd ilim çox yaxşı keçib. Özümə inanmamağımdan deyil, yaşıma və bu liqanın tezliyinə görə… Burada 39 yaşında yüksək səviyyəli oyunçuları görmək nadir haldır.

Mən özüm haqqında danışmağı sevmirəm, amma siz bunu görürsünüz. Yarımfinalda əlavə vaxtda oynamağa hazır idim! Mən görürəm ki, futboldan həzz almağa davam etmək üçün daha bir neçə ilim var”.

İtaliyan jurnalist-insayder Fabritsio Romanonun məlumatına görə, Tyaqo Silvanın mövsümün sonunda London klubunu tərk edəcəyi gözlənilir.

Tyaqo Silva 2020-ci ilin avqustundan “Çelsi”də çıxış edir. Onun “zadəganlar”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Silva “zadəganlar”ın heyətində bütün yarışlarda 32 oyun keçirib və 4 qol vurub. Müdafiəçisinin “Çelsi” karyerasının ümumi mənzərəsi isə belədir: 149 oyun, 9 qol, 3 məhsuldar ötürmə.

2005/2006 mövsümündə Moskva “Dinamo”suna transfer edilmiş Tyaqo ağır vərəm xəstəliyinə tutulmasına və futbolla vidalaşmaq təhlükəsinə rəğmən, dəhşətli xəstəliyə qalib gələrək yaşıl meydanlara dönməyi bacarıb. “Bədheybət” ləqəbi ilə məşhur olan futbolçu “Fluminense”, “Milan” və PSJ-də də uğurla çıxış edib.

Silva 2008-ci ilin oktyabrında debüt etdiyi və mütəmadi olaraq kapitan sarğısını daşıdığı Braziliya millisində 113 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2012 Konfederasiyalar Kubokunu, 2019 Amerika Kubokunu qazanıb, həmçinin zədələnərək ehtiyatda qaldığı DÇ-2014-də fəxri 4-cü yeri tutub. Bununla yanaşı, Silvanın medal kolleksiyasında 2021 Amerika Kubokunun gümüş, Yay Olimpiya Oyunlarının bürünc (2008) və gümüş (2012) medalları var.

“Transfermarkt” internet-portalı 39 yaşlı futbolçunun tansfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: